SİYASƏT
Gürcüstan region dövlətləri ilə əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi üçün intensiv dialoq aparır
Tbilisi, 8 iyun, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin bir illik fəaliyyətinə dair hesabat hazırlayıb. Hesabat artıq parlamentə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, hesabatda iqtisadi parametrlərlə yanaşı, regional siyasət barədə də fikirlər əksini tapıb.
Sənəddə deyilir ki, Gürcüstanın bölgədə tarazlı siyasət aparması üçün sülh və sabitlik əsas və ilkin şərtdir.
Hesabatda Qarabağda baş vermiş son müharibənin region üçün ciddi çətinliklər yaratdığı, hərbi əməliyyatların eskalasiyası dövründə Gürcüstan hökumətinin balanslı siyasət yürütdüyü və humanitar yüklərin tranzitinə şərait yaratdığı qeyd edilib.
Bildirilir ki, Gürcüstan Türkiyə, Azərbaycan və Ermənistanla iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün intensiv dialoq aparır.
Gürcüstanın qlobal pandemiya şəraitində yaranan çətinliklərin öhdəsindən gəlməsi məqsədilə qonşu ölkələrlə fəal əməkdaşlıq etdiyi vurğulanıb.
Qeyd edək ki, 151 səhifəlik hesabat 2020-ci ilin iyunundan bu ilin mayına qədər olan dövrü əhatə edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi