CƏMİYYƏT
Gürcüstan rəsmiləri Dmanisidə baş vermiş hadisələrə münasibət bildiriblər
Tbilisi, 17 may, AZƏRTAC
Gürcüstan rəsmiləri mayın 16-da Dmanisidə baş vermiş insidentlə bağlı açıqlama veriblər.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında azərbaycanlılar və gürcülərin əsrlər boyu birgə yaşadıqlarını bildirib. O deyib: “Azərbaycanlılar bizim qardaşlarımızdır. Rayonda baş vermiş xoşagəlməz hadisə millətlərarası qarşıdurmaya keçməməlidir. Etnik azərbaycanlılar, ilk növbədə, bizim vətəndaşlarımızdır, Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşı, müttəfiqi, qonşusu və dostudur. Biz qarşıdurmaya yol verə bilmərik. Dmanisidəki hadisələri etnik zəmində qarşıdurma kimi təqdim edərək problemi şişirtməyə çalışanlar var. Biz buna imkan verməyəcəyik”.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili isə qeyd edib ki, Dmanisidəki insidentlə bağlı bir neçə şəxs saxlanılıb. O, istintaq tədbirlərinin davam etdirildiyini, qarşıdurma zamanı ağır xəsarət alanlarla bağlı məlumata malik olmadığını bildirib.
DTX rəisi hazırda rayonda vəziyyətin sakit olduğunu və tərəflərlə müvafiq işlərin aparıldığını qeyd edib.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava da Dmanisidə baş verənlərdən təəssüf hissi keçirdiyini bildirib. Onun sözlərinə görə, ən önəmlisi odur ki, mübahisə etnik qarşıdurma kimi təqdim olunmamalıdır.
Parlament sədrinin müavini Arçil Talakdvaze isə diqqətə çatdırıb ki, etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlar arasında zorakılıq yolverilməzdir”.
O bildirib ki, Dmanisidə baş vermiş insidentin milli zəmində qarşıdurma kimi təqdim olunması qəbuledilməzdir. Bu, opponentlərimizin cəhdləridir və onlar cəmiyyətdə yanlış fikir yaratmaq istəyirlər.
Vitse-spiker polisin baş verənlərə dərhal reaksiya verdiyini və qanunu pozanların müvafiq qaydada cəzalandırılacağını qeyd edib.
A.Talakvadze deyib: “Etnik azərbaycanlılar əsrlər boyu Gürcüstan cəmiyyətində yaşayıblar. Azərbaycanlılar bizim vətəndaşlarımızdır. Etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlar arasında istənilən şiddəti qınayıram”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi