CƏMİYYƏT
Gürcüstan saytları işğaldan azad olunmuş Hadrut qəsəbəsində Azərbaycan Bayrağının ucaldılmasından yazır
Tbilisi, 13 oktyabr, AZƏRTAC
Gürcüstanın nüfuzlu report.ge, 24news.ge, aktual.ge informasiya agentlikləri işğaldan azad olunmuş Hadrut qəsəbəsində Azərbaycan Bayrağının ucaldılmasından yazır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videogörüntüləri yayımlayan saytlar Azərbaycan Ordusunun digər qələbələri, cəbhə bölgəsində məhv edilmiş Ermənistan silahlı birləşmələrinin silahlarının sayı və fotolarını da oxucuların diqqətinə çatdırır.
Azərbaycan, rus, gürcü və ingilis dillərində yayılan məlumatlarda, həmçinin Azərbaycan Baş Prokurorluğunun ermənilərin dinc sakinləri atəşə tutması nəticəsində 42 nəfərin həlak olması, 206 nəfərin yaralanması, eləcə də çoxmənzilli yaşayış binalarının, şəxsi mülklərin və mülki obyektlərin dağılması barədə məlumatı, Fövqəladə Hallar nazirinin işğaldan azad olunacaq şəhər və kəndlərin abadlaşdırılacağı barədə fikirləri də oxuculara çatdırılıb.
Azərbaycanın PUA-larının Ermənistan ordusuna vurduğu ziyan barədə məlumatlar ən çox oxunan məlumatlar sırasındadır.
Bildirilir ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı birləşmələrinin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Gürcüstan mətbuatı Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyətinin üzvlərinin BMT-yə, BMT TŞ-nin daimi üzvlərinə, Qoşulmama Hərəkatına, NATO və onun Parlament Assambleyasına, ATƏT, Avropa İttifaqına, Avropa Şurası və digər beynəlxalq təşkilatlara ünvanlandığı müraciəti də müxtəlif dillərdə yayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi