İQTİSADİYYAT
Gürcüstan taxıl biçinində Azərbaycandan kömək istəyib
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində iştirak edən Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Georgi Çxeidze ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, İlham Quliyev Azərbaycan ilə Gürcüstan arasında siyasi, həmçinin kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu, tarixən dost və qonşu olan iki ölkə arasında bu münasibətlərin bu gün də uğurla davam etdiyini vurğulayıb.
Nazir müavini Georgi Çxeidze sərginin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, burada iş adamlarının ünsiyyət qurması üçün əlverişli şəraitin yaradıldığını bildirib. O, Azərbaycanın iqtisadi inkişafını, o cümlədən kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurları təqdir edib.
Georgi Çxeidze keçən il taxıl yığımında Azərbaycanın kombaynlarla Gürcüstana göstərdiyi dəstəyə görə Gürcüstan hökuməti adından Azərbaycan hökumətinə və Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlıq edib. O, bu il də taxıl biçinində Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən taxılyığan kombaynların Gürcüstan ərazisinə dislokasiyasına dəstək veriləcəyinə ümidvar olduğunu bildirib.
Nazir müavini İlham Quliyev Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə qanunvericiliyə uyğun olaraq baxılacağını və müvafiq köməklik göstəriləcəyini söyləyib.
Daha sonra nümayəndə heyəti ”Aqrolizinq” ASC-də olub və Səhmdar cəmiyyətin rəhbərliyi ilə müzakirələr aparılıb.