DÜNYA
Gürcüstan üçün bir nömrəli prioritet regionda sülh və təhlükəsizliyin təmin edilməsidir
Tbilisi, 7 oktyabr, AZƏRTAC
Gürcüstan regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan və Azərbaycan arasında vasitəçi rolu oynamağa hazırdır. Gürcüstan üçün bir nömrəli prioritet regionda sülh və təhlükəsizliyin təmin edilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili jurnalistlərə açıqlamasında söyləyib.
O bildirib ki, faktiki olaraq ötən il Baş nazir İrakli Qaribaşvilinin aktiv iştirakı ilə konkret nəticəyə nail olunub və bu proses davam edib. Bir neçə ay öncə Gürcüstan hər iki ölkənin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edib.
“Bu bizim dostlarımızın bizə xüsusi etimadının olmasına nümunədir və biz gələcəkdə də cənub qonşularımızın danışıqlardan konkret nəticələr əldə edə bilməsi və regionumuzda sülh və sabitlik üçün sakit və dinc dialoq aparması üçün Gürcüstanın, Tbilisinin məkan olmasına hər zaman hazırıq”, – deyə Darçialiya vurğulayıb.
Gürcüstan xarici siyasət idarəsinin başçısı deyib: “Bizim bu prosesdə hər hansı bir şərtimiz yoxdur. Bizim qonşularımıza yeganə, bu gün və həmişə keçərli olan təklifimiz budur ki, ölkəmizdə istənilən məkanda və zamanda qonşularımıza danışıqları davam etdirmək üçün ev sahibliyi etməyə və əgər ehtiyac duyarlarsa yardım etməyə hazırıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi