DÜNYA
Gürcüstan və NATO rəsmiləri regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər
Tbilisi, 18 may, AZƏRTAC
Belçika Krallığında səfərdə olan Gürcüstan Müdafiə Qüvvələrinin rəhbəri general-mayor Giorgi Matiaşvili NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Cənubi Qafqaz bölgəsində təhlükəsizlik mühiti, Ukraynada davam edən hərbi əməliyyatlar əsas müzakirə mövzusu olub.
Görüşdə, həmçinin NATO-Gürcüstan əməkdaşlığı məsələləri, mövcud təhdidlər və çağırışlar qarşısında əməkdaşlığın gücləndirilməsi məsələləri də diqqət mərkəzində olub.
Tərəflər Gürcüstan Müdafiə Qüvvələrində davam edən transformasiya prosesi, eləcə də NATO-Gürcüstan Əsas Paketi (SNGP) çərçivəsində həyata keçirilən mühüm təşəbbüslər ətrafında da fikir mübadiləsi aparıblar.
Görüşdə Gürcüstanın NATO-nun rəhbərlik etdiyi beynəlxalq sülhməramlı əməliyyatlara böyük töhfəsi vurğulanıb və Gürcüstan tərəfinin Alyansın missiya və əməliyyatlarında gələcəkdə iştirakını davam etdirməyə hazırlığı ifadə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi