QAN YADDAŞI
Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələri ziyarət olunub
Tbilisi, 19 yanvar, AZƏRTAC
Gürcüstanda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib, şəhid ailələri ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov şəhid ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Əvvəlcə Bolnisi rayonunun Faxralı (Talaveri) kənd qəbiristanlığında şəhid İlqar Əhmədovun məzarı ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.
Faxralı 1 nömrəli İctimai məktəbin direktoru, şəhidin sinif rəhbəri olmuş Cümşüd Gülməmmədov çıxış edərək İlqar Əhmədovla bağlı xatirələrini bölüşüb. Şəhidin əlaçı və nümunəvi şagird olduğunu vurğulayan C.Gülməmmədov deyib ki, Faxralı ictimaiyyəti İlqar Əhmədovun timsalında bütün şəhidlərimizlə fəxr edir.
O, şəhidlərin xatirəsini əziz tutduğuna, göstərilən diqqət və qayğıya görə, Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq edib.
Kənd sakinləri adından çıxış edən müəllim Fatma Əliyeva deyib ki, Qanlı Yanvardan 30 ildən çox vaxt keçsə də, Azərbaycan müstəqillik uğrunda canlarından keçən övladlarını unutmur. Nə qədər ki, qədirbilən Azərbaycan xalqı var, şəhidlərin əziz xatirəsi daim yaşayacaq.
Səfir Faiq Quliyev deyib ki, xalqımız şəhidlərin xatirəsini hər zaman milli iftixar hissi ilə anır. Dövlətimiz hər zaman onların ailələrinə diqqət və qayğı göstərir. Səfir bildirib ki, 20 Yanvar faciəsi zamanı Gürcüstandan olan 6 soydaşımız şəhid olub. Onlardan 1-i İlqar Əhmədov Faxralıda, digərləri isə Azərbaycanda dəfn olunublar.
Diplomat 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb, şəhidin yaxınlarına səbir diləyib.
Sonra səfir və onu müşayiət edən şəxslər Marneuli rayonunun Kirəc-Muğanlı kəndində digər şəhid Vəfadar Eminovun qardaşı Etibar Eminovun ailəsini ziyarət ediblər.
Anım mərasimində kənd sakinləri və ağsaqqallar iştirak ediblər.
Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub.
Səfir Faiq Quliyev çıxış edərək deyib ki, Gürcüstanda yaşayan soydaşlarımızın ürəyi hər zaman mənəvi vətənləri olan Azərbaycanla bir döyünüb: “Biz bunu 20 Yanvar hadisələri, eləcə də torpaqlarımızın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə görmüşük. Birinci və İkinci Qarabağ müharibəsində Gürcüstan əsilli 56 nəfər şəhid olub.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman şəhidlərimiz bizim qürur mənbəyimizdir. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhları qarşısında baş əyirik.
Sonra Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxış edərək kənd ağsaqqalları və şəhidin ailə üzvləri adından Azərbaycan dövlətinə və səfirə minnətdarlıq edib.
O bildirib ki, Gürcüstanda yaşayan hər bir azərbaycanlı mənəvi Vətən Azərbaycan uğrunda canından keçməyə hazırdır.
Kəndin axundu Rəşad Həsənov, kənd ağsaqqalı Saleh Məmmədov, Ehtiram Əliyev və başqaları çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Səfirliyin təşəbbüsü və AZEBİ-nin dəstəyi ilə hər bir şəhid ailəsinə ərzaq sovqatı təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi