SİYASƏT
Gürcüstanda Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunan marafon başa çatıb
Tbilisi, 17 oktyabr, AZƏRTAC
Gürcüstanda 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan marafon Rustavidə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Rustavi şəhərindəki Heydər Əliyev adına parkda yarış qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bildirilib ki, marafonda 8 ölkədən 300-ə yaxın idmançı və həvəskar iştirak edib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbirdə çıxış edərək xalqımızın müstəqillik uğurundakı mübarizəsindən danışıb, 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününün əhəmiyyətini xüsusi qeyd edib. Azərbaycan ilə Gürcüstan arasındakı dostluq və qardaşlıq əlaqələrindən bəhs edən diplomat, bu marafonda gürcü idmançıların, mərasimdə Gürcüstanın dövlət və hökumət rəsmilərinin iştirakını dostluğumuzun bariz nümunəsi kimi qiymətləndirib.
F.Quliyev bəyan edib ki, Azərbaycanın dövlət bayramına həsr olunan konsert proqramı planlaşdırılsa da, oktyabrın 8-də Batumidə baş vermiş faciə qurbanlarının xatirəsinə ehtiram olaraq ləğv olunub. Səfir Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli münasibətlərindən söz açıb, birgə əməkdaşlığın xalqlarımız üçün böyük töhfələr verdiyini bildirib.
Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya çıxış edərək bayram münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, tarixən yaxın dost və strateji tərəfdaş olan ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir.
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxışında deyib ki, Azərbaycan xalqı müstəqillik uğrunda uzun müddət mübarizə aparıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan müstəqilliyini daha da möhkəmləndirib. Bu gün Azərbaycan dünyada nüfuz sahibi olan dövlətlərdən birinə çevrilib.
Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov və başqaları çıxış edərək Azərbaycanın müstəqillik uğrunda mübarizəsindən danışıb, marafon iştirakçılarını təbrik ediblər.
Sonra marafonda kişi və qadın kateqoriyalarında ilk üç yeri tutan iştirakçılara pul mükafatı və kuboklar təqdim olunub. Finişə çatan marafonun hər bir iştirakçısı sertifikatlarla təltif edilib. Marafonun ən yaşlı qadın və kişi iştirakçısına da hədiyyələr verilib.
Mərasim çərçivəsində parkda Azərbaycan mədəniyyətinə xas xalça, rəsm əsərlərindən nümunələr sərgilənib, milli mətbəx təamları hazırlanıb, əyləncəli idman yarışları təşkil olunub.
Marafon Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi