CƏMİYYƏT
Gürcüstanda Azərbaycanın şəhid jurnalistlərinin xatirəsi anılıb
Tbilisi, 11 iyun, AZƏRTAC
Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Kəlbəcər rayonunun Susuzluq kəndində mina partlaması nəticəsində şəhid olan AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun xatirəsinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə anım guşəsini ziyarət edib, şəhid jurnalistlərin fotoşəkillərinin önünə gül düzüb, xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə GAİM təmsilçiləri, Azərbaycanın media qurumlarının Gürcüstandakı büroları, eləcə də yerli azərbaycandilli media resurslarının nümayəndələri iştirak ediblər.
“Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin tarixi əhəmiyyəti, ermənilərin heç bir insanlığa sığmayan cinayətləri barədə ətraflı məlumat verib.
Bildirib ki, Gürcüstanda fəaliyyət göstərən bir sıra media nümayəndələri və soydaşlarımız xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olmalarından dərin sarsıntı hissi keçiriblər.
Sonra report.ge, aktual.ge, 24 news.ge, ınterpress.ge və digər informasiya portallarının rəhbərləri və nümayəndələri çıxış edərək ermənilərin təkcə Azərbaycan ərazilərində deyil, Gürcüstanda, eləcə də dünyanın əksər bölgələrində qanlı terror aktları keçirdiklərini bildiriblər.
Qeyd olunub ki, jurnalistlər Ermənistanın Azərbaycana qarşı növbəti hərbi cinayətinin qurbanı olublar və gələcəkdə belə faciələrin baş verməməsi üçün beynəlxalq ictimaiyyət Ermənistandan mina xəritələrini verməsini tələb etməlidir.
Sonda beynəlxalq təşkilatların Gürcüstandakı nümayəndəliklərinə ünvanlanan bəyanat oxunub.
Sənəddə Ermənistanın mina xəritələrini Azərbaycan tərəfinə verilməsi tələb edilib.
Bildirilib ki, xəritələrin verilməməsi beynəlxalq humanitar normaların kobudcasına pozulmasıdır.
Bəyanatda beynəlxalq qurumların məsələyə laqeyd qalmayacağına ümidvarlıq ifadə edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi