CƏMİYYƏT
Gürcüstanda “Layiqli tərəfdaş-2020” adlı çoxmillətli hərbi təlimlərin rəsmi açılışı olub
Tbilisi, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Gürcüstanda “Layiqli tərəfdaş-2020” adlı çoxmillətli hərbi təlimlərin rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycanı bu ölkədəki səfirliyimizin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, aparatın zabiti baş leytenant Cəfər Məmmədov iştirak ediblər.
ABŞ Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutan təlimlər Tbilisi yaxınlığındakı “Vaziani” və “Norio” poliqonlarında keçirilir.
Təlimdə Gürcüstanla yanaşı, ABŞ, Böyük Britaniya, Polşa və Fransadan 2700-dən çox hərbçi iştirak edir. Hərbi təlimlərə Gürcüstanın Müdafiə Qüvvələrinin zirehli texnikası və artilleriya sistemləri ilə yanaşı, ABŞ-ın aviasiya və zirehli texnikası da cəlb olunub. Kombinə edilmiş manevrlər komanda, qərargah və çöl şəraitində keçiriləcək.
Açılış mərasimində bildirilib ki, təlimlərin məqsədi Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin Qara dəniz bölgəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsidir.
Hərbi təlimlərin planlaşdırılması və hazırlıq prosesində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün bütün tövsiyə və təlimatlara əməl olunur.
Təlimlər sentyabrın 18-də başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi