Gürcüstanda avtomobil yanacağının qiyməti kəskin artacaq
AzerTAg.az

Tbilisi, 12 fevral, AZƏRTAC
Gürcüstanda avtomobil yanacağının qiyməti yaxın günlərdə kəskin artacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın tanınmış iqtisadçı-eksperti Oto Abesadze sosial media hesabında yazıb.
Onun sözlərinə görə, gələn həftədən etibarən yanacaqdoldurma məntəqələrində qiymət artımı müşahidə ediləcək və bir litr yanacağın qiyməti növündən asılı olaraq 3 lari 50 tetri ilə 4 lari arasında dəyişəcək.
Ekspert yazır ki, yanacağın qiymətinin aşağı salınması birbaşa dövlətdən asılıdır. İdxal olunan yanacağa tətbiq edilən aksiz vergisinin ləğvi və onun əlavə dəyər vergisinin üzən “məzənnə dərəcəsi”nə keçirilməsi ilə yanacağın 1 litrinin qiyməti ən azı 80 tetri ucuzlaşa bilər. Bu vergi güzəşti hökumətə orta hesabla 2,5 milyard lariyə başa gələcək.
Oto Abesadze hesab edir ki, dövlətin belə bir yolu seçməsi isə sual altındadır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var