CƏMİYYƏT


Gürcüstanda azərbaycanlı məktəblilərə İ.Çavçavadzenin həyat və yaradıcılığı öyrədilir

Tbilisi, 9 dekabr, AZƏRTAC

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanın görkəmli yazıçısı, şair, publisist və ictimai xadimi İlya Çavçavadzeyə həsr olunan “İlya Çavçavadze və Gürcüstan” adlı dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkil etdiyi tədbirdə azərbaycanlı və gürcü ziyalılar, gənclər və məktəblilər iştirak ediblər.

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxışında bildirib ki, bu cür tədbirlər Azərbaycan və Gürcüstan mədəniyyətləri arasında dialoqu təşviq etməklə yanaşı, iki dost və qardaş xalq arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

GAİM-in icraçı direktoru Aygül İsayeva çıxışında azərbaycanlı yeniyetmə və gənclərin Gürcüstan ədəbiyyatını öyrənmələrinin əhəmiyyətindən danışıb. O, Gürcüstanın Azərbaycan dilli məktəblərində gürcü ədəbiyyatının tədris olunmadığını təəssüflə qeyd edib. Bildirib ki, GAİM-də azərbaycanlı məktəblilərə Gürcüstan ədəbiyyatı tədris olunur. İcraçı direktor görkəmli ictimai xadim İ.Çavçavadzenin azərbaycanlılara hörmət və sayğı ilə yanaşdığını qeyd edib.

Beynəlxalq Qara Dəniz Universitetinin professoru Kaxaber Cakeli bildirib ki, Gürcüstanda İ.Çavçavadze “millətin atası” adlandırılır.

Onun sözlərinə görə, İlya Çavçavadze yalnız Gürcüstanın deyil, bütün Qafqazın gələcəyini düşünürdü. İlya Çavçavadzenin azərbaycanlılara ehtiram bəslədiyi hamıya məlumdur.

Daha sonra çıxış edən Tbilisi Dövlət Universitetinin professoru Çarita Caşi azərbaycanlı gənclərin İ.Çavçavadzenin həyat və yaradıcılığına göstərdiyi böyük maraqdan fərəh duyduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstanın müasir azərbaycanlı gəncləri ağıllı və bacarıqlıdırlar.

“İnanıram ki, bugünkü gənclər Gürcüstan və Azərbaycan arasında gələcək münasibətləri inkişaf etdirərək daha da möhkəmləndirəcəklər”, – deyə Ç.Caşi vurğulayıb.

Digər çıxış edənlər İ.Çavçavadzenin yaradıcılığından bəhs edərək onun cəmiyyətlərdə demokratikləşmə və tərəqqi ilə bağlı ideyalarının bu gün də aktual olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində GAİM-in şagirdləri İ.Çavçavadzenin şeirlərini söyləyib, müxtəlif əsərlərindən parçalar oxuyublar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.