İQTİSADİYYAT
Gürcüstanda beynəlxalq və yerli əhəmiyyətli 54 infrastruktur layihənin icrası başa çatdırılıb
Tbilisi, 2 yanvar, AZƏRTAC
Keçən 2018-ci ildə Gürcüstanda beynəlxalq və yerli əhəmiyyətli 54 infrastruktur layihənin icrası başa çatdırılıb, daha 70 layihənin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur və Regional İnkişaf Nazirliyinin Bələdiyyələrin İnkişaf Fondunun hesabatında məlumat verilib.
Məlumatda bildirilir ki, keçən il ümumilikdə 217 kilometrlik yol və 20 körpü təmir olunub. Bununla yanaşı, 18 kilometrlik beynəlxalq dərəcəli sürət yolu və sahilbərkitmə ilə əlaqədar 17 bənd tikilib.
Yekunlaşdırılmış layihələr sırasında 2015-ci ilin iyun ayında baş vermiş su daşqınları zamanı Tbilisinin ətrafındakı Tsxneti-Betaniya avtomobil magistralının bərpası və yenidən qurulması layihəsi olub. Bu layihəyə 12 milyon dollar vəsait xərclənilib.
Yeni başlanmış beynəlxalq əhəmiyyətli layihələr sırasında “Şərq-Qərb” avtomagistralının (E 60) Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi də var.
Bundan başqa, Böyük İpək Yolunun Gürcüstandan keçən hissəsinin əsaslı təmiri və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu ilə əlaqədar infrastruktur və logistik mərkəzlərin tikintisi də davam etdiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi