SİYASƏT
Gürcüstanda görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd edilmişdir
Bakı, 11 may (AZƏRTAC). “Gürcüstan mənim vətənimdir” İctimai Birliyi mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü qeyd etmişdir.
Əvvəlcə tədbir iştirakçıları – birliyin nümayəndələri, bir sıra QHT-lərin təmsilçiləri, ziyalılar və gənclər ulu öndər Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət edərək önünə əklil qoymuşlar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sonra birliyin ofisində “Azərbaycan-Gürcüstan dostluğunda Heydər Əliyevin rolu” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin ölkələrimiz arasında strateji dostluq münasibətlərinin qurulmasındakı əvəzsiz rolundan, onun Gürcüstan azərbaycanlılarına qayğısından danışmışlar. Natiqlər ulu öndər Heydər Əliyevin siyasəti xəttinin uğurlu davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin sayəsində dostluq və qonşuluq münasibətlərinin daha da möhkəmlənməsindən bəhs etmişlər.