DÜNYA


Gürcüstanda istehsal olunan PUA-ların ilk sınaq uçuşları keçirilib VİDEO

Tbilisi, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Gürcüstan-Polşa müəssisəsi tərəfindən birgə istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sınaq uçuşları həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Bildirilib ki, döyüş və kəşfiyyat təyinatlı PUA-ların sınaq uçuşu uğurla həyata keçirilib.

“FLYEYE” pilotsuz uçuş sistemi ağır meteoroloji və radioelektron döyüş şəraitində bütün iqlim zonalarında tapşırıqları yüksək dəqiqliklə yerinə yetirmək üçün nəzərdə tutulub. Sistem gecə-gündüz real vaxt rejimində gizli müşahidə imkanlarını və məlumatların təhlilini təmin edir.

“WARMATE” sübut edilmiş effektivliyə və yüksək məhvetmə dəqiqliyinə malik döyüş başlıqlı PUA-dır. Müxtəlif növ döyüş başlıqlarına malikdir. Polşa Ordusu, həmçinin digər NATO və qeyri-üzv istifadəçiləri tərəfindən istifadə olunur.

Qeyd edək ki, “Delta-Webe” MMC Gürcüstanda “Delta İnternational” MMC və WB Electronics S.A. tərəfindən təsis edilib. Şirkətlər “Delta”nın 100 faizlik iştirak payı ilə yaradılıb.

Gürcüstan-Polşa müəssisəsinin məqsədi pilotsuz uçuş aparatlarının yığılmasıdır. Müəssisə ildə yüzlərlə dron istehsal edə biləcək. Bu mərhələdə şirkət WARMATE və FLYEYE tipli pilotsuz uçuş aparatlarının yığılması üçün texniki xidmət prosedurlarını təmin edir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, müdafiə naziri Xuanşer Burçuladze, daxili işlər naziri Vaxtanq Qomelauri və digər rəsmi şəxslər sınaq uçuşlarını müşahidə ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.