İQTİSADİYYAT
Gürcüstanda keçirilən konfransda konteynerlərlə yükdaşımalar və logistika məsələləri müzakirə olunub
Bakı, 8 aprel, AZƏRTAC
Gürcüstanda “Qara və Xəzər dəniz limanları və gəmiçilik -2022” (Black and Caspian sea ports and shipping-2022) adlı beynəlxalq konfrans və sərgi keçirilib. Aprelin 5-7-də keçirilən tədbirdə Qara və Xəzər dənizi regionunda olan dəhlizlər boyunca yerləşən ölkələrdən 150-dən çox nümayəndə iştirak edib. Logistika və təchizat zəncirində regional və qlobal əlaqəni gücləndirmək məqsədi daşıyan illik beynəlxalq nəqliyyat konfransında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”in nümayəndələri də təmsil olunublar.
“ADY Konteyner”dən AZƏRTAC-a bildirilib ki, şirkətin direktoru Natiq Cəfərov konfransda “Avrasiya dəmir yollarının kəsişməsi: Azərbaycan nəqliyyat qovşağı kimi” mövzusunda çıxış edib. N. Cəfərov ölkəmizin tranzit imkanları, konteynerləşmənin sürətləndirilməsi, konteynerlərlə yükdaşımalar və logistika məsələləri, multimodal daşımalar üzrə əldə olunan nailiyyətlər, ekoloji təmiz nəqliyyat növü kimi dəmir yolunun təşviqi məsələlərinə toxunub.
Konfransda dünya üzrə tanınmış 25 aparıcı nəqliyyat və logistika şirkətinin nümayəndəsi qlobal və regional ticarət, investisiyalar mövzusunda çıxış edib.