ELM VƏ TƏHSİL
Gürcüstanda keçirilən regional təlimdə Azərbaycanın peşə təhsili müəssisələrinin fəaliyyəti yüksək qiymətləndirilib
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycanın peşə təhsili müəssisələrinin nümayəndələri Gürcüstanda “Duala bənzər peşə təhsili və təlimində özəl sektorla əməkdaşlığın qurulması” mövzusunda keçirilən regional təlimdə iştirak ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, üç gün davam edən təlimdə peşə təhsilində dövlət-özəl əməkdaşlığı, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması, modul strukturlu, səriştə əsaslı kurikulumların hazırlanması, məqsədli peşə inkişafı proqramları, iş yerində öyrənmə barədə iştirakçılara ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.
Təlimdə, həmçinin peşə təhsili müəssisələrinin veb-səhifələrinin yaradılmasının, digər ölkələrin peşə təhsili müəssisələri ilə əlaqələrin qurulmasının vacibliyi vurğulanıb, Azərbaycanda peşə təhsili müəssisələrinin bu sahədəki fəaliyyəti yüksək qiymətləndirilib.
Təlim iştirakçıları ölkədə peşə təhsili sahəsində görülən işlər, əldə olunan yeniliklər, peşə təhsili müəssisələrinin fəaliyyəti haqqında təqdimatla çıxış ediblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.
Təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən reallaşdırılan “Özəl sektorun inkişafı və peşə təhsili və təlimi” proqramı çərçivəsində təşkil olunub.