DÜNYA
Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər yumşaldılır
Tbilisi, 17 may, AZƏRTAC
Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan bəzi məhdudiyyətlər yumşaldılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında qərar qəbul olunub.
Qərara əsasən, bu gündən etibarən Gürcüstanda restoran və kafelər həftəsonları da fəaliyyət göstərəcəklər.
İctimai iaşə obyektləri şənbə-bazar günləri müvafiq qaydalara uyğun olaraq müştəriləri yalnız açıq havada qəbul edə biləcəklər.
Qeyd edək ki, bu günədək Gürcüstanda kafe və restoranların həftəsonları işləməsi qadağan idi, onlar yalnız çatdırılma xidməti göstərirdilər.
Bundan başqa, Gürcüstanda tətbiq olunan komendant saatının müddəti də qısaldılıb.
Şuranın qərarına əsasən, hərəkət məhdudiyyəti saat 23:00-dan 05:00-dək qüvvədə olacaq.
Məlumat üçün qeyd edək ki, qonşu ölkədə pandemiya səbəbindən ötən ilin noyabrından komendant saatı saat 21:00-dan 05:00-dək tətbiq edilirdi.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi