Gürcüstanda koronavirusa yoluxmuş xəstələrin təkrar müayinəsinə başlanılıb
AzerTAg.az
Tbilisi, 8 mart, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxmuş xəstələrin martın 8-dən təkrar müayinəsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının rəhbəri Tengiz Tertsvarze məlumat verib.
Onun sözlərinə görə, ölkə üzrə bir neçə şəxsin təkrar COVID-19-a yoluxması halına rast gəlinib: “Bu gün bizim bazamızda istər xəstəxanalarda, istərsə də evdə müalicə olunan bütün xəstələrin şəxsi məlumatları var. Həkimlər koronavirusdan müalicə olunan insanları təsadüfi seçim etməklə təkrar müayinəyə cəlb edirlər. Məqsəd kimlərin təkrar yoluxduğunu, xəstəliyi ikinci dəfə necə keçirdiyini müəyyən etməkdir. Eyni zamanda, həkimlər qadınların və ya kişilərin daha çox yoluxması fərqini də müəyyən edəcəklər”.
Baş infeksionist deyib ki, əslində ölkədəki real vəziyyəti öyrənmək üçün 400 xəstənin müayinəsi yetərlidir. Lakin həkimlər 500 nəfəri müayinədən keçirəcəklər.
Məlumat üçün qeyd edək ki, bu günədək Gürcüstanda 272 min 998 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Onların da 147-si son sutkada yoluxub. COVID-19-a yoluxmuş xəstələrin 266 min 886-sı müalicə olunub, 3 min 591-i dünyasını dəyişib.
Gürcüstanda COVID-19-a ilk yoluxma faktı 2020-ci il fevralın 26-da qeydə alınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var