DÜNYA


Gürcüstanda koronavirusun omikron ştamının 7-ci dalğası başlayıb

Tbilisi, 30 iyun, AZƏRTAC

Gürcüstanda koronavirusun omikron ştamının (BA.5) 7-ci dalğası başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının həkimi Aleksand Qoqinava “Rustavi2” televiziya kanalındakı çıxışında deyib. Bildirilir ki, iyunun 20-dən 26-dək ölkədə 1058 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb. Bu, son iki ayda ən böyük həftəlik yoluxma göstəricisidir.

Onun sözlərinə görə, omikron ştamına yoluxma ilə əlaqədar xəstəxanaya müraciətlərin sayı artıb. Xəstəxanada yetərincə koronavirus xəstəsi var. Telefonla məsləhət alanların sayı isə daha çoxdur. Bu isə ölkədə koronavirus xəstələrinin sayının daha çox olduğunu deməyə əsas verir.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze isə deyib ki, BA.5 virusu artıq xeyli vaxtdır ki, ölkədə BA.2 virusunu əvəz edib.

Artıq yoluxanların yarıdan çoxunda BA.5 virusu aşkarlanır.

Beynəlxalq ekspertlərin qənaətinə görə, yeni omikronun BA.5 növü “delta” və digər növlərlə müqayisədə daha tez yayılır.

Ekspertlər hesab edirlər ki, vəziyyətdən yeganə çıxış yolu vaksinasiyadır.

Son həftə ərzində Gürcüstanda cəmi 2 min nəfər vaksinasiya olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.