CƏMİYYƏT
Gürcüstanda milli azlıqların problemləri diqqət mərkəzindədir
Tbilisi, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də Tbilisidə “Gürcüstanda yaşayan milli azlıqların informasiya almaq imkanları, bu sahədə mövcud olan problemlərin həlli yolları” mövzusunda konfrans keçirilib.
Tədbirdə Gürcüstanın hökumət üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, milli azlıqların nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Gürcüstanın ombudsmanı Uça Nanuaşvili bildirib ki, ölkəsi Avropaya inteqrasiya edir. Lakin milli azlıqların problemləri həll olunmadan bu, mümkün deyil. Bildirilib ki, bu problemlərdən biri də milli azlıqların öz dillərində informasiya almaları ilə bağlıdır. Bu gün Gürcüstanın bölgələrində yaşayan milli azlıqlar öz dillərində informasiya ala bilmirlər. Bu da onların Gürcüstan ictimaiyyətinə inteqrasiyasında, öz hüquqlarını bilmələrində çox ciddi problemlər yaradır. Konfransın əsas məqsədi bu problemləri müzakirə etmək və onların həlli yollarını tapmaqdır.
Tədbirdə çıxış edənlər milli azlıqların üzləşdikləri problemlərin əksəriyyətinin məlumat azlığı ilə əlaqəli olduğunu bildiriblər. Həmçinin regional televiziya kanallarının açılmasının, ana dilində yerli media vasitələrinin nəşrinin, eləcə də sosial şəbəkələrin inkişafının vacibliyi xüsusi qeyd olunub.
Mülki inteqrasiya fondunun sədri Zaur Xəlilov jurnalistlərə bildirib ki, bu gün Gürcüstanın bölgələrində əhalinin mətbuatla əlaqəsi çox zəifdir. Konfransda da bu məsələlər geniş müzakirə olundu. “Düşünürük ki, regionlarda maarifləndirmə işləri genişlənməli, ictimaiyyətin mətbuata maneəsiz çıxışı təmin olunmalı, bunun üçün regionlarda televiziya və digər mətbu orqanların sayı artırılmalıdır”, - deyə Z.Xəlilov vurğulayıb.
Gürcüstanın ombudsmanı Uça Nanuaşvili isə jurnalistlərə deyib ki, hökumət ucqar bölgələrdə yaşayan insanların sosial maarifləndirilməsində, onların inteqrasiyası üçün xüsusi layihələrin hazırlanıb həyata keçirilməsində maraqlıdır. Konfransda səslənən rəy və təkliflər paket halında hökumətə təqdim olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi