DÜNYA


Gürcüstanda parlament seçkiləri başlayıb

Tbilisi, 31 oktyabr, AZƏRTAC

Bu gün Gürcüstanda növbəti parlament seçkiləri keçirilir. Səhər saat 8:00-da ölkə üzrə bütün seçki məntəqələri seçicilərin üzünə açılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivania məlumat verib.

Onun sözlərinə görə, bu gün 3 milyon 526 min 23 seçici (onların 14 min 170-i xarici ölkələrdədir) öz seçimini edəcək.

O deyib ki, ölkə üzrə 3657 seçki məntəqəsi səsverməyə tam hazırdır.

Xaricdə 38 ölkədə 52 seçki məntəqəsi fəaliyyət göstərəcək.

MSK sədrinin sözlərinə görə, seçicilər 48-i siyasi partiya, 2-si isə seçki bloku olmaqla, 50 seçki subyekti arasında seçim etməli olacaqlar. Seçicilər bu siyasi təşkilatlar və təşəbbüs qruplarının irəli sürdükləri majoritar namizədlərə də səs verməlidirlər.

T.Jvania deyib ki, stasionar müalicə, karantin və özünütəcriddə olan 10 min 845 seçicinin daşınan seçki qutuları vasitəsilə səsvermədə iştirakı təmin olunacaq.

Pandemiyaya baxmayaraq, seçki məntəqələrinə getməyin tam təhlükəsiz olduğunu qeyd edən MSK sədri bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün məntəqələrdə bütün qabaqlayıcı tədbirlər həyata keçiriləcək.

Qonşu ölkədə parlament seçkilərini yerli müşahidəçilərlə yanaşı, 20 səfirlik və 23 beynəlxalq təşkilatın nümayəndələri də izləyəcək.

Səsvermə prosesini 118 yerli və xarici KİV-in 5971 nümayəndəsi işıqlandıracaq.

Bu seçkilər yeni sistem üzrə keçirilir. Parlamentin 150 deputatının 120-si proporsional, 30-u isə majoritar qaydada seçiləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.