DÜNYA


Gürcüstanda peyvənd prosesinə hələ başlanılmayıb

Tbilisi, 3 mart, AZƏRTAC

Gürcüstan peyvənd almaq üçün COVAX platformasına 575 min ABŞ dolları köçürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze məlumat verib.

Onun sözlərinə görə, vəsait martın 2-də ödənilib və peyvəndin ilk partiyası mart ayında mütləq şəkildə Gürcüstana gətiriləcək.

Əhalini əmin edən Qamkrelidze deyib ki, Gürcüstanda vaksinasiya COVAX platformasının göndərəcəyi “AstraZeneka” peyvəndi ilə başlayacaq.

Gürcüstana gələcəkdə yeni bir vaksinin də gətiriləcəyini vurğulayan mərkəz rəhbəri bildirib ki, COVAX platformasından “Novovax” peyvəndi də alınacaq. Amma bu peyvəndi Gürcüstan təxminən 2 aydan sonra alacaq.

“Bu, Gürcüstanın alacağı yeni bir peyvənddir və əlavə dozalar almaq üçün istehsalçısı ilə birbaşa danışıqlar aparılır”, – deyə, Qamkrelidze vurğulayıb.

Qeyd edək ki, keçmiş Baş nazir Giorgi Qaxaria peyvənd prosesinin fevral ayının ortalarında başlayacağını elan etmişdi, lakin bu günə qədər peyvənd tətbiq edilməyib.

Gürcüstanda koronavirusa yoluxma halları isə yenidən artıb.

Martın 3-də ölkədə 360 yeni yoluxma faktı qeydə alınıb. Daha 9 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 271 min 739 nəfərə çatıb.

Bu günədək bu virusdan ümumilikdə 3541 nəfər həyatını itirib.

Hazırda ölkə üzrə karantin rejimində 258, stasionar nəzarətdə 1477, nəfər var. 151 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.