DÜNYA


Gürcüstanda prezident seçkilərinin ikinci turu başlayıb

Tbilisi, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu başlayıb.

AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jivaniya səsvermənin başlandığını elan edib, bütün seçki məntəqələri açılıb və səsvermə başlayıb.

Bildirilib ki, seçkilərin ikinci turu ilə əlaqədar ölkə üzrə 3 min 703 və xarici ölkələrdə 55 seçki məntəqəsi yaradılıb. Seçki bülletenləri bütün məntəqələrə çatdırılıb.

Seçki məntəqələrinin üçü Azərbaycanda açılıb.

Səsvermə Gürcüstanda yerli vaxtla saat 20:00-da, xarici ölkələrdə isə saat 24:00-da başa çatacaq.

MSK-nın məlumatına görə, ümumi seçicilərin sayı 3 milyon 528 min 658 nəfərdir.

Səsvermənin gedişini seçici subyektlərinin 17 min nəfər nümayəndəsi, 48 min 500 yerli və 1300 beynəlxalq müşahidəçi, eyni zamanda, 2300 yerli və xarici mətbuat nümayəndəsi izləyəcək.

MSK rəsmisi bütün seçiciləri səsvermədə fəal olmağa çağırıb.

Məlumat üçün qeyd edək ki, ikinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və “Güc birlikdədir” birləşmiş müxalifət blokunun dəstəklədiyi Qriqol Vaşadze mübarizə aparırlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.