DÜNYA


Gürcüstanda prezidentliyə əsas namizədlər ümumilikdə 11 milyon laridən çox ianə toplayıblar

Tbilisi, 27 noyabr, AZƏRTAC

Cari il avqustun 1-dən noyabrın 19-dək Gürcüstanda prezidentliyə əsas iki namizəd ümumilikdə 11 milyon 343 min 62 lari məbləğində ianə toplayıblar. Bu vəsaitin 79,3 faizini və ya 8 milyon 998 min 948 larisini Salome Zurabişvili, 11,6 faizini və ya 1 milyon 243 min 366 larisini isə Qriqol Vaşadze toplayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə seçki kompaniyasının maliyyələşdirilməsi ilə bağlı “Beynəlxalq şəffaflıq-Gürcüstan” qeyri-hökumət təşkilatının ikinci aralıq hesabatında məlumat verilib.

Seçkilərin ikinci turu ərəfəsində, oktyabrın 28-dən noyabrın 19-dək olan müddətdə isə namizədlər 4 milyon 128 min 323 lari ianə toplayıblar. Bunun da 3 milyon 592 min 724 (87 faiz) larisini Salome Zurabişvili, 535 min 599 larisini isə (13 faiz) Qriqol Vaşadze əldə edib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək. Gürcü xalqı sonuncu dəfə ümumxalq səsverməsi ilə 6 il müddətinə 5-ci prezidentini seçəcək.

İkinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və əsas ana müxalifət hesab olunan “Vahid Milli Hərəkat” partiyasının namizədi və “Güc birlikdədir” blokunun dəstəklədiyi Qriqol Vaşadze mübarizə aparacaqlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.