DÜNYA
Gürcüstanda seçkilərlə əlaqədar xarici ölkələrdə yaradılmış məntəqələr ikinci turda da fəaliyyət göstərəcək
Tbilisi, 2 noyabr, AZƏRTAC
Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar 39 xarici ölkədə yaradılmış seçki məntəqələri ikinci turda da fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. Bildirilib ki, xarici ölkələrdə seçki məntəqələri Gürcüstan MSK-nın qərarı əsasında yaradılıb. Hazırda xarici ölkələrdəki konsulluq şöbələrində 53 min 139 nəfər Gürcüstan vətəndaşı qeydiyyatdadır. Qeydiyyata düşə bilməyənlər Gürcüstanın diplomatik nümayəndəliklərində və ya www.geoconsul.gov.ge saytında onlayn qeydiyyata düşə bilərlər.
MSK-dan bildiriblər ki, oktyabrın 28-də keçirilən seçkilərdə xaricdə yaşayan vətəndaşlardan 14795-i səsvermədə iştirak edib.
Prezident seçkiləri ilə əlaqədar Gürcüstanın Azərbaycanda 3 seçki məntəqəsi açılıb. Gürcüstanın Azərbaycandakı konsulluq şöbəsində hələlik 7700 Gürcüstan vətəndaşı qeydiyyata düşüb.
Xatırladaq ki, oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda namizədlərin heç biri 50 faizlik baryeri aşa bilməyib. Birinci turda 38,66 faiz səs toplamış müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifət nümayəndəsi, səslərin 37,7 faizini toplamış Qriqol Vaşadze ikinci turda mübarizə aparacaqlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi