DÜNYA


Gürcüstanda soydaşlarımıza təmənnasız hüquqi yardım göstərəcək mərkəz fəaliyyətə başlayıb

Tbilisi, 15 may, AZƏRTAC

Tbilisidə "Qanun" Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstərməkdir.

Bu barədə AZƏRTAC-a mərkəzin təsisçisi və baş direktoru, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının rəhbəri, Qafqaz Beynəlxalq Universitetinin hüquq elmləri üzrə doktorantı Əli Bədirov məlumat verib.

Onun sözlərinə görə, bu gün Gürcüstanda yaşayan soydaşlarımızın hüquqi məsələlər üzrə çoxlu problemləri var. Onların həlli qarşıda duran ən vacib məsələlərdən biridir. Bir neçə hüquqşünas bu mərkəzdə birgə fəaliyyət göstərərək, soydaşlarımıza yardım etmək qərarına gəlib.

“Mərkəz soydaşlarmıza bir neçə istiqamətdə təmənnasız hüquq xidmətləri göstəriləcək. Düşünürəm ki, mərkəz qarşısına qoyduğu məqsədlərə nail olacaq”, – deyə Ə.Bədirov vurğulayıb.

Mərkəzdə tanınmış vəkillər - mülki işlər üzrə Natia Rexviaşvili və Zaur Əskərov, cinayət üzrə hüquqi yardımlarda Levan Tsaluğelaşvili, ümumi hüquq üzrə Ə.Bədirov özü xidmət göstərəcək.

Vəkillər müxtəlif rayon və kəndlərə də səfərlər edəcək, soydaşlarmızın hüquqi problemləri ilə yerlərdə maraqlanıb onlara hüquqi yardımlar göstərəcəklər.

Baş direktor qeyd edib ki, hüquqi yardım mərkəzi olaraq bir sıra donorlara müraciət edib. Lakin yalnız Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi layihəyə müsbət cavab verib və mərkəz Komitənin dəstəyi ilə bu gün fəaliyyətə başlayıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.