ELM VƏ TƏHSİL


Gürcüstanda təşkil olunan beynəlxalq konfransda Azərbaycanda əqli mülkiyyət sahəsində görülən işlərdən danışılıb

Bakı, 14 iyul, AZƏRTAC

Gürcüstanın Batumi şəhərində bu ölkənin Əqli Mülkiyyət Mərkəzi olan “Sakpatenti”nin və ABŞ-ın Maliyyə Nazirliyinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) təşkilatçılığı ilə “Gürcüstan saxtamalçılıq və piratçılıq əleyhinə” mövzusunda beynəlxalq illik konfrans keçirilib. Tədbirdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Ümumdünya Gömrük Təşkilatı, Avropa İttifaqı Əqli Mülkiyyət İdarəsi, Avrasiya Patent Təşkilatı, Beynəlxalq Əmtəə Nişanı Assosiasiyası, Avropa Brend Assosiasiyası, ABŞ-ın Patent və Əmtəə Nişanı İdarəsi, Maliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinin, o cümlədən bir çox ölkələrin əqli mülkiyyət sahəsi ilə məşğul olan dövlət qurumlarının və özəl sektorun nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin əməkdaşı Elnur Məmmədli də iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ikigünlük tədbirdə əqli mülkiyyət hüquqlarının təminatı üçün alətlər və təcrübə, rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının pozulması, əqli mülkiyyətlə bağlı gömrük və ixrac məsələləri, əczaçılıq sahəsində saxtamalçılıq, müəllif hüquqlarının pozulması zamanı dəymiş ziyanın hesablanması və s. mövzularda təqdimatlar edilib.

Müzakirələr zamanı Azərbaycan nümayəndəsi ölkəmizdə əqli mülkiyyət sahəsində həyata keçirilən son işlər, piratçılığa qarşı mübarizə tədbirləri və bu sahədə ictimai maarifləndirmə işinin genişləndirilməsi haqqında məlumat verib, təmsil etdiyi qurumun son illər çapdan çıxartdığı nəşrləri iştirakçılara paylayıb. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması və müəlliflik hüququna hörmətin aşılanması sahəsində araşdırmaları xüsusi maraq kəsb edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Prezidentin müvafiq Sərəncamı ilə Kamran İmanov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.