REGİONLAR
Gürcüstanda və Rusiyada məşhurlaşan naxçıvanlı şairənin yaradıcılığı tədqiq olunub
Naxçıvan, 28 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində şairə Qönçəbəyimin yaradıcılığına həsr olunmuş “Qönçəbəyim nəğməsi” adlı tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov çıxış edərək muxtar respublikada ədəbi irsimizin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli çıxışında bildirib ki, XIX əsr Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri də şairə Qönçəbəyimdir. Tarixi faktlara əsaslanıb demək olar ki, şairə 1827-ci ildə Naxçıvanda anadan olub. 1837-ci ildə Naxçıvanda açılmış rus məktəbinə daxil olub, rus və fars dillərini öyrənib, Şərq ədəbiyyatına maraq göstərib. “Qönçeyi-ülfət” ədəbi məclisinin iştirakçılarından olan şairə ağlı, istedadı, nəzakəti, yüksək saray mədəniyyəti, lirik şeirləri ilə dövrünün bir sıra məşhur simalarını heyran edib, Gürcüstanda və Rusiyada məşhurlaşıb. Gürcü şairi Nikoloz Barataşvilinin məktublarında Qönçəbəyim haqqında məlumatlar öz əksini tapıb. Gürcü şairi Naxçıvanda ikən onunla görüşüb, yaradıcılığı ilə maraqlanıb, bir şeirini gürcü əlifbası ilə köçürərək, tərcümə olunmaq üçün Tiflisə göndərib. Hər iki xalqın dilinə çevrilən şeirləri ilə Qönçəbəyim öz könül rübabını onu sevən qəlblərdə dilə gətirib. Naxçıvanlı şairə klassik şeirlə yanaşı, xalq şeiri tərzində də gözəl örnəklər yaradıb. Onun həyatı ilə bağlı bəzi hadisələr epikləşərək dastana çevrilib.
Sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, dosent Ramiz Qasımov, Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov, Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, dosent Nərgiz İsmayılova, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova çıxış ediblər.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının, Naxçıvan Musiqi Kollecinin saz ixtisası üzrə tələbələrinin ifaları dinlənilib, Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında şairə Qönçəbəyimin şeirləri bədii qiraət edilib.