DÜNYA
Gürcüstanda xarici ölkələrin və beynəlxalq təşkilatlarının atributlarını təhqir edən şəxslər cərimə olunacaq
Tbilisi, 26 iyul, AZƏRTAC
Gürcüstanda dövlət qurumları yaxınlığında yerləşən Avropa İttifaqı (Aİ), NATO, digər beynəlxalq təşkilatlar və ölkənin diplomatik münasibətləri olduğu dövlətlərin bayraqlarına, digər dövlət atributlarına zərər vuran şəxslərə qarşı cərimə tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Gürcüstan parlamentinin bu gün keçirilən büro iclasında müzakirə olunub.
Qanun layihəsində deyilir ki, xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarını zədələyən şəxs 1000 lari (təxminən 330 ABŞ dolları) məbləğində cərimə olunacaq. Şəxs həmin hərəkəti təkrarladıqda 2000 lari cərimələnəcək və ya 15 sutka həbs cəzasına məhkum ediləcək.
Sənəd parlamentin növbədənkənar iclaslarında müzakirə olunacaq.
Qeyd edək ki, iyulun əvvəlində LGBT əleyhdarlarının Tbilisidə törətdikləri iğtişaşlar zamanı Avropa İttifaqının Gürcüstan parlamentinin binası önündə dalğalanan bayrağı iki dəfə təhqir olunub.
Bu fakt Aİ-nın Gürcüstandakı nümayəndəliyi və İttifaqa üzv 24 ölkənin səfirliklərinin birgə bəyanatında təəssüflə və xüsusi narahatlıqla vurğulanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi