DÜNYA
Gürcüstanda yanacağın qiyməti aprel ayı ilə müqayisədə bahalaşıb
Tbilisi, 19 may, AZƏRTAC
Gürcüstan cari ilin yanvar-aprel aylarında 385 678 min litr benzin və dizel yanacağı idxal edib.
Bu barədə AZƏRTAC-a Gürcüstanın Rəqabət Agentliyindən məlumat verilib.
Bildirilir ki, agentlik hökumət başçısının tapşırığına əsasən ölkədə avtomobil yanacağının qiymətinin artması səbəblərini araşdırıb. Məlum olub ki, cari ilin ilk dörd ayı ərzində 22 şirkət tərəfindən ölkəyə 385 678 litr avtomobil yanacağı (benzin və dizel yanacağı) idxal edilib. İdxal olunan yanacağın 31,2 faizi Rumıniyadan, 24,1 faizi Bolqarıstandan, 17,8 faizi Rusiyadan, 14,7 faizi Azərbaycandan, 12 faizi Türkmənistandan, qalan 0,2 faiz isə digər ölkələrdən alınıb. Alınan yanacağın 64,1 faizini benzin, 35,9 faizini isə dizel yanacağı təşkil edib.
Rusiyadan alınan yanacağın bir litri üçün 0,65 lari, Rumıniyadan alınan yanacağın hər bir litri üçün 0,16 lari, Bolqarıstandan alınan yanacağın bir litri üçün isə 0,2 lari xərclənib. Amma bütün yanacaqdoldurma məntəqələrində yanacaq demək olar ki, eyni qiymətə satılır.
Araşdırmalar zamanı məlum olub ki, yanacaqdoldurma məntəqələrində qiymətlər gömrük rüsumu, aksiz dərəcəsi, əlavə dəyər vergisi, əməliyyat xərcləri və digər xərclər əsasında tənzimlənir.
Agentlikdən bildirilib ki, may ayında dünya bazarında neftin və yanacağın qiyməti mart ayı ilə müqayisədə pik həddə çatıb. Lakin Gürcüstan milli valyutası ABŞ dolları qarşısında xeyli möhkəmlənib. Ona görə də qiymətləri balanslaşdırmaq olar.
Qeyd edək ki, buna baxmayaraq, Gürcüstanda yanacağın qiyməti aprel ayı ilə müqayisədə yenidən bahalaşıb. Mayın 19-da dizel yanacağının qiyməti 4,14 laridən 4,48 lari arasında, benzinin qiyməti isə 3,74 laridən 4,113 lari arasında dəyişir. Avtomobillər üçün təbii qazın qiyməti isə 1,55 lari ilə 255 lari arasında dəyişir. Bu gün ölkədə bir ABŞ dolları 2,9442 lariyə dəyişdirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi