CƏMİYYƏT
Gürcüstanda yaşayan azərbaycanlılar Şuşa həqiqətləri barədə məlumatlandırılacaq
Tbilisi, 8 may, AZƏRTAC
Bu gün ermənilər Azərbaycanın işğal altında olan Şuşa şəhərində ağlasığmaz vandalizm hərəkətləri həyata keçirir, Azərbaycan mədəniyyətini, tarixini məhv edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Marneuli rayonundakı Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva deyib.
O bildirib ki, ermənilər Şuşadakı Azərbaycan məscidlərini, mədəniyyət abidələrini İran məscidi, Alban məbədlərini isə erməni məbədi kimi təqdim edirlər. Bu da Gürcüstandakı azərbaycanlıları narahat edir.
A.İsayeva deyib ki, İnteqrasiya Mərkəzi gənc nəslin məlumatlandırılması, eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, xüsusən də Şuşa və digər şəhərlərimiz barədə həqiqətləri Gürcüstana gələn turistlərə çatdırmaq üçün tədbirlər planı hazırlayıb. Şuşanın işğalı günündə İnteqrasiya Mərkəzində tədbir keçirilib və bu cür tədbirlər davam edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi