CƏMİYYƏT


Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

Tbilisi, 27 may, AZƏRTAC

Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Laqodexi rayonunda olub.

O, rayon bələdiyyəsinin sədri Kaxa Camburiya, yerli rayon sovetinin deputatı Quram Maçaraşvili ilə görüşüb. Görüşdə Azərbaycanın və Gürcüstanın parlamentləri arasındakı dostluq münasibətləri, hər iki ölkənin bölgələri arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonra Ə.Amaşov Gürcüstanın müstəqillik günü ilə əlaqədar təşkil olunmuş bayram tədbirinə qatılıb, təbriklərini çatdırıb, xalqlarımız arasındakı dostluq münasibətlərindən danışıb.

Daha sonra Milli Məclisin deputatı Laqodexi rayonunun Qabal kəndinin sakinləri ilə görüşüb.

Əflatun Amaşov deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan azərbaycanlılara daim diqqət və qayğı göstərir, onların problemlərinin həlli ilə bağlı müəyyən tədbirlər görülür.

Deputat Tbilisidə böyük ədib Cəlil Məmmədquluzadənin Ev muzeyinin və Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının təmiri ilə bağlı müəyyən işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, bu gün Gürcüstanda yüz minlərlə azərbaycanlı yaşayır. Məqsəd onların problemlərini öyrənmək və həllinə nail olmaqdır.

Məlumat verilib ki, Qabal kəndinə bitişik olan Qaracalar, Gəncəli və Uzuntala kəndlərində ümumilikdə 15 min əhali yaşayır. Dörd kəndin bir bələdiyyəsi və bir icra nümayəndəsi var. Kəndlərdə 5 məktəb olsa da, şagirdlərin dərslik problemləri var. Gənclər elmə, idmana, musiqiyə həvəslidirlər. Bir neçə gənc respublika və beynəlxalq yarışlarda qalib olub. Lakin bu kəndlərdə Mədəniyyət Evi, uşaq bağçası, idman zalları yoxdur.

Kənd əhalisinin 3 minə yaxını Qazaxıstanda, 1500-dən çoxu isə Rusiyada yaşayır və işləyir.

Kənd sakinləri bu və digər problemlərdən danışıb, onların həlli ilə bağlı Azərbaycan hökumətindən yardım istəyiblər.

Əflatun Amaşov problemlərin imkan daxilində həllinə çalışacağını bildirib.

Kənd icra nümayəndəsi Namaz Allahverdiyev göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov iştirak edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.