MƏDƏNİYYƏT


Gürcüstanda yaşayan milli azlıqlar “Tbilisoba” bayramında milli mədəniyyətlərini nümayiş etdirirlər

Tbilisi, 1 oktyabr, AZƏRTAC

Bildiyiniz kimi, hər il Gürcüstanda ənənəvi olaraq “Tbilisoba” bayramı keçirilir. Bu bayramda Gürcüstanda yaşayan milli azlıqlar da öz milli mədəniyyətlərini, incəsənət və milli mətbəx nümunələrini nümayiş etdirirlər. Biz də azərbaycanlılar olaraq bayram çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkının yanında Azərbaycan Guşəsi yaratdıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisi meriyasında Milli Azlıqlar Şurasının azərbaycanlı üzvü, Gürcüstanın Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva söyləyib.

O deyib: ““Tbilisoba” bayramı çərçivəsində yaradılmış Azərbaycan guşəsində milli mədəniyyətimizə, incəsənətimizə, musiqimizə və milli mətbəximizə aid nümunələr nümayiş etdirilir. Məqsədimiz Tbilisiyə gələn qonaqları Azərbaycanın zəngin mədəniyyəti ilə daha yaxından tanış etməkdir”.

Onun sözlərinə görə, Azərbaycan guşəsinin açılmasında Azərbaycanın Gürcüstandakı səfirliyi də böyük dəstək verib.

G.Mustafayeva deyib ki, Azərbaycan guşəsini Tbilisi meriyasının, sakrebulun nümayəndələri, parlamentin deputatları da ziyarət ediblər.

Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimai-siyasi xadim Həsən Həsənov və səfir Faiq Quliyevin də guşəyə baş çəkməsi onlarda xoş təəssürat yaradıb.

Assosiasiya sədri bildirib ki, guşəni ziyarət edən turistlər və qonaqlar paxlava, şəkərbura, badambura və digər şirniyyat növlərimizdən dadır, samovar çayından içirlər. Onlar guşədən xoş ovqatla ayrılırlar.

“Azərbaycan guşəsi oktyabrın 2-də də qonaqları qəbul edəcək”, - deyə G.Mustafayeva vurğulayıb.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.