DÜNYA
Gürcüstanda yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakının qarşısının alınmasına dair qərar qəbul olunub
Tbilisi, 3 mart, AZƏRTAC
Gürcüstanda hökuməti ölkədə yetkinlik yaşına çatmayan şəxslərin açıq və ya onlayn qumar oyunlarında iştirakının qarşısını almaq üçün yeni qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, yeni qərara əsasən, şəxsin oyunçu kimi qeydiyyatı üçün təsdiqləmə mərhələsindən keçməsi lazım olacaq. Bunu isə o, şəxsiyyət vəsiqəsi və özünə məxsus mobil telefon nömrəsi ilə etməlidir.
Bundan başqa, qeydiyyat zamanı şəxsi qeydiyyatdan keçirən operator dövlət xidmət agentliyində oyunçuların məlumatlarını yoxlamaq səlahiyyətinə sahib olacaq. Qeydiyyatdan keçmiş şəxsin öz hesabını başqalarına istifadə etmək üçün verməsi də qadağan edilib.
Bununla da yetkinlik yaşına çatmayan şəxslərin yetkinlik yaşına çatmış insanların sənədindən istifadəsinin qarşısının alınması nəzərdə tutulur. Qaydalar artıq qüvvəyə minib.
Qeyd edək ki, Gürcüstanda hər il yetkinlik yaşına çatmayan onlarla gənc qumar oyunlarının qurbanı olur. Hökumət onlayn qaydada, yaxud kazinolarda qumar oyunlarında uduzan yeniyetmə və gənclər arasında intihar hallarının artması ilə əlaqədar belə bir qərar qəbul edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Ybilisi