ELM VƏ TƏHSİL


Gürcüstandakı azərbaycanlılar UNEC-i seçirlər

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə səfər ediblər.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfərin məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində ali təhsil almasına dəstək vermək, həmvətənlərimizi ali təhsilə yönəltmək və abituriyentləri UNEC barədə məlumatlandırmaqdır.

Müəssisənin iqtisadiyyatı kafedrasının müdiri, dosent Əli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Bolnisi və Dmanisi rayonlarının orta məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər. Görüşdə məktəblilərə regionun ən böyük iqtisadyönümlü universiteti olan UNEC barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın dörd dildə təhsil verən yeganə ali təhsil ocağı olan bu universitetdə xarici ölkə vətəndaşlarının qəbulu tamamilə elektronlaşdırılıb. Abituriyentlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda UNEC-də təhsil almaq hüququ qazanırlar.

UNEC-ə qəbul prosesinin sadələşdirilməsi məktəblilərin diqqətini cəlb edib. Onlar bu ali təhsil məktəbində tədris olunan ixtisaslarla maraqlanıblar. Dünyanın nüfuzlu universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları şagirdlərin marağına səbəb olub. Məktəblilər dörd ildə iki ixtisasa yiyələnmək imkanı verən UDİD proqramını tələbələr üçün əvəzsiz fürsət adlandırıblar.

Səfər çərçivəsində həmvətənlərimizə UNEC-in magistr proqramları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, UNEC-in müasir tələblərə cavab verən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində tədris dörd dildə aparılır. Mərkəzin tələbələri UNEC-in diplomu ilə yanaşı, Avropanın və Türkiyənin nüfuzlu universitetlərinin diplomlarını əldə edə bilirlər.

Görüşlərdə UNEC-in tanıtım videoçarxı nümayiş olunub, suallar cavablandırılıb. Tədbirdə iştirak edən məktəblilər Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə tanışlıqdan sonra UNEC-in tələbəsi olmaq istədiklərini bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.