CƏMİYYƏT
Gürcüstandakı müsəlman icması bütün problemlərin sülh yolu ilə həllinə tərəfdardır
Tbilisi, 8 mart, AZƏRTAC
Gürcüstandakı müsəlman icması böyüklüyünə görə ölkədə ikincidir. Müsəlmanlar sayca çox olsalar da, çox sülhsevər və xeyirxah əməlləri ilə fərqlənirlər. Bu, Gürcüstan dövləti tərəfindən də yüksək qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin 2016-2017-ci illərdə görülən işlər barədə hesabat yığıncağında səslənib.
Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxış edərək ölkədə dini icmaların fəaliyyətindən danışıb. O, Agentliyin beynəlxalq əlaqələri, ötən illərdə görülən işlər, yeniliklər və qarşıda duran problemlərdən söz açıb, gələcək proqramları açıqlayıb. Dövlətin din siyasətinin strategiyası və əsas hədəfləri barədə ətraflı məlumat verib.
Zaza Vaşakmadze Gürcüstan hökumətinin ölkədə dini icmaların normal fəaliyyəti üçün tədbirlər gördüyünü, 2018-ci ilin dövlət büdcəsindən ölkədəki dini icmalar üçün 4,5 milyon (təqribən 2 milyon dollar) GEL maliyyə vəsaiti ayrıldığını diqqətə çatdırıb.
Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndəsi çıxışında dövlətin son zamanlar dini zəmində yaranmış problemlərin dialoq çərçivəsində həlli ilə bağlı səylərini təqdirəlayiq hal hesab edib.
Bildirilib ki, müsəlman icması Gürcüstanda əsasən məscid tikintisi ilə bağlı problemlərlə üzləşir. Gələcəkdə dini tədrislə bağlı proqramda, dərsliklərin hazırlanmasında və tədris prosesində dövlət olduqca diqqətli davranmalıdır.
Vurğulanıb ki, Gürcüstandakı müsəlman icması bütün problemlərin danışıqlar yolu ilə həllinə tərəfdardır.
Çıxış edən digər dini icma nümayəndələri Dini Məsələlər üzrə Dövlət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib, ölkədə dövlət-din münasibətlərinə aydınlıq gəlməsi üçün olduqca mühüm amil olan din haqqında qanunun qəbul edilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə dini icma rəhbərləri, beynəlxalq təşkilatların rəsmiləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Zaza Vaşakmadze AZƏRTAC-a açıqlamasında dövlət büdcəsindən 2018-ci ildə dini icmalar üçün ayrılmış 4,5 milyon GEL vəsaitin 2,2 milyonunun Gürcüstandakı müsəlman icması üçün nəzərdə tutulduğunu bildirib. O, il ərzində bu vəsaitin həcminin artacağını istisna etməyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi