CƏMİYYƏT
Gürcüstandan ölkəmizə idxal edilən 26042 kiloqram kartof hazırda gömrük nəzarəti altındadır
Bakı, 11 noyabr, AZƏRTAC
Bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatda Gürcüstandan idxal edilən 26042 kiloqram kartofun tərkibində zərərli orqanizmlərin aşkarlandığı, bu ölkənin maliyyə nazirliyinə istinadla ölkəmizin müvafiq qurumlarının məhsulun geri qaytarılmasına qərar verdiyi bildirilir, lakin kartofun geri qaytarılmadığına və guya "yoxa çıxdığına" eyham vurulur.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Gürcüstandan ölkəmizə idxal olunan kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranıb. Buna görə də müvafiq gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkarlanıb. Müayinələrin nəticəsinə əsasən məhsulun geri qaytarılmasına qərar verilib. Lakin gömrük orqanlarından asılı olmayan səbəbdən - bayram və istirahət günləri ilə əlaqədar məhsulu idxal edən şirkətin bank əməliyyatlarında sənədləşmə işləri yubandığından və malın təkrar ixracı üçün lazım olan müvafiq sənədləri gömrük orqanlarına təqdim edə bilmədiyindən məhsulun geri göndərilməsi gecikib.
Dövlət Gömrük Komitəsi bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərkibində gövdə nematodu aşkarlanan 26042 kiloqram kartof hazırda gömrük nəzarəti altındadır və sərbəst dövriyyəyə buraxılmayıb. Qısa zaman ərzində müvafiq sənədləşmə işləri başa çatdırılaraq məhsulun geri göndərilməsi təmin olunacaq.