CƏMİYYƏT
Gürcüstanın 24News.TV-də Şuşa haqqında xüsusi reportaj yayımlanıb
Tbilisi, 7 may, AZƏRTAC
"Lider Media" təşkilatının və 24News.ge xəbər portalının rəhbəri, telejurnalist Azər Məmmədov, Azərbaycanın mədəniyyət incisi Şuşa şəhərinə səfəri çərçivəsində məhdud texniki imkanlar daxilində xüsusi reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “Şuşanın dağları” xalq mahnısı ilə başlanan və 24News.TV-də yayımlanan reportajda Şuşanın Azərbaycan üçün əhəmiyyəti qeyd olunur.
Telejurnalist ermənilərin işğal etdikləri ərazilərdə, o cümlədən Şuşada törətdikləri vəhşiliklərdən bəhs edir. O, eyni zamanda, Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə, xüsusən də Şuşada həyata keçirdiyi tikinti-quruculuq və bərpa işləri barədə tamaşaçılara ətraflı məlumat verib.
Telejurnalist işğaldan azad olunmuş Şuşada qısa zaman ərzində görülən işləri xüsusi qeyd edir, Türk dünyasının mədəniyyət paytaxtı olacaq Şuşanın əsrarəngiz təbiəti və mənzərəsini tamaşaçılara təqdim edib.
Reportajda Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmiş nümayəndələrin müsahibələri də yer alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi