İQTİSADİYYAT


Gürcüstanın Baş Naziri “Akkord STİK” ASC-nin Çiatura şəhərində həyata keçirdiyi işlərlə tanış olub

Tbilisi, 21 sentyabr, AZƏRTAC

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, Tbilisi şəhərinin meri Kaxa Kaladze və digər dövlət rəsmiləri sentyabrın 21-də İmereti bölgəsinə səfər çərçivəsində “Çiatura şəhərində su təchizatı sisteminin tikintisi” layihəsinin icrası ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, layihənin podratçısı “Akkord STİK” ASC-nin Gürcüstan nümayəndəliyidir.

“Akkord Georgia” şirkətinin direktoru Məzahir Abdullayev və layihə üzrə koordinatoru Elnur Mahmudov və layihə rəhbəri Çağatay Karabuğa layihə çərçivəsində görülmüş işlər barədə Baş Nazirə ətraflı məlumat veriblər.

G.Qaxariya layihə üzrə inşa edilmiş su paylayıcı şəbəkələr, su rezervuarları, xlorlama binası, nasosxanalar, artezian quyuları, müasir SCADA sistemi (bütün sistemin mərkəzdən kompüter vasitəsi ilə idarə olunması) və AMR su sayğac sistemi ilə (uzaqdan oxuna bilən su sayğacları) yaxından tanış olub.

Baş Nazirə pandemiya dövründə şirkətin gördüyü tədbirlər, işçilərin təhlükəsizliyi istiqamətində atılan addımlar barədə məlumat verilib, nümayəndə heyətini maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Baş Nazir və nümayəndə heyətinin digər üzvləri görülən işləri yüksək qiymətləndirib, şirkət rəhbərliyinə və işçilərə uğurlar arzulayıblar.

Bildirilib ki, layihənin icrasına 250 nəfər işçi heyəti cəlb olub və bu heyətin 80 faizi Gürcüstan vətəndaşıdır.

Tikinti işlərinə 2017-ci il oktyabrın 23-də başlanılıb. Ötən müddət ərzində 107 kilometr uzunluğunda su paylayıcı şəbəkə çəkilib, 2 yeni su anbarı tikilib, 7 su anbarı və 1 nasosxana yenidən qurulub.

Bundan başqa, 3 yeni nasosxana, 1 xlorlama binası və sistemi inşa edilib, 7 artezian quyusu qazılıb.

Eyni zamanda, 8800 abunəçi AMR modullu su sayğacı ilə təmin olunub, müasir SCADA sistemi quraşdırılıb.

Ümumilikdə Çiatura şəhəri və Navardzeti bölgəsində 20 mindən çox əhali 24 saatlıq fasiləsiz su ilə təmin edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.