DÜNYA


Gürcüstanın Çiatura şəhərində etiraz aksiyasının miqyası daha da genişlənib

Tbilisi, 27 may, AZƏRTAC

Gürcüstanın Çiatura şəhərində mayın 15-dən başlayan tətil daha geniş vüsət alıb. Mədən işçilərinin etiraz aksiyasına təhsil və ictimaiyyət nümayəndələri də qoşulublar.

AZƏRTAC xəbər verir ki, Tkibulidən 60 mədənçi, “Ferro” mədənindən onlarla işçi aksiyaya qoşulub. Mayın 27-də səhər saatlarında Çiatura şəhər məktəblərinin direktorları, müəllim və şagirdləri də həmrəylik nümayiş etdirərək mədənçilərə qoşulublar. Mayın 26-da aclıq aksiyası keçirən mədən işçilərindən birinin vəziyyətinin ağırlaşması buna səbəb olub.

“Gürcüstan manqanı” şirkəti bəyanat yayaraq mədənçiləri konstruktiv danışıqlar aparmağa çağırıb. Şirkət mədənçilərə əməkhaqlarının tədricən artırılmasını təklif etsə də, mədənçilər təklifi rədd ediblər.

Hazırda şəhərdə yürüş-mitinq keçirilir. Mitinqdə şirkətin şəhəri tərk etməsi ilə bağlı şüarlar səslənib.

Qeyd edək ki, mədənçilər əməkhaqlarının 50 faiz artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Şirkət isə bunun mümkün olmadığını, ən yaxşı halda əməkhaqlarını 25 faiz artıracağını bildirib.

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının rəhbər şəxsləri tətil edən mədənçilərlə görüşüb, onların problemləri ilə maraqlanıblar.

Gürcüstan parlamentinin deputatı Beka Natsvilişvili bu gün keçirdiyi brifinqdə vəziyyətin ağır olduğunu bildirib. Onun sözlərinə görə, deputatlar vəziyyətlə əlaqədar olaraq iqtisadiyyat və davamlı inkişaf nazirini parlamentə dəvət ediblər.

Deputatlar hökuməti şirkət üzərində nəzarəti gücləndirməyə çağırıblar.

Çiatura şəhər bələdiyyəsinin məlumatına görə, mədənçilərə daha çox adamın qoşulacağı gözlənilir.

Artıq digər sahələrdə çalışan fəhlələr də mədənçilərin aksiyasına qoşulmaq üçün hazır olduqlarını bəyan ediblər.

“Gürcüstan manqanı” şirkəti təcili bir qərar qəbul etməsə, aksiya iştirakçılarının sayının min nəfərdən çox olacağı bildirilir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.