İQTİSADİYYAT
Gürcüstanın “HUALİNG GROUP” şirkəti biznes adamlarını əməkdaşlığa dəvət edir
Bakı, 13 sentyabr, AZƏRTAC
Bakıda “Caspian İnd Expo” beynəlxalq sənaye sərgisinin iştirakçılarından biri də Gürcüstanın “HUALİNG GROUP” şirkətidir.
Şirkətin kommersiya üzrə meneceri Georgi Rogava AZƏRTAC-a müsahibəsində deyib ki, təmsil etdiyi qurum Gürcüstanda azad iqtisadi zonada 30 hektar sahəyə malikdir. Şirkət bu sahəyə 30 milyon dollar sərmayə yatırıb və gələcəkdə yaratdığı infrastrukturu genişləndirmək niyyətindədir.
O qeyd edib ki, burada çalışan şirkətlər heç bir vergi ödəmədən iqtisadiyyatın müxtəlif sahələri ilə məşğul olurlar.
G.Rogavanın sözlərinə görə, sərginin keçirilməsi öz fəaliyyət dairəsini genişləndirmək istəyən şirkətlər üçün çox yaxşı bir imkandır.
“Gürcüstan azad ticarətlə bağlı beynəlxalq sazişə qoşulduğu üçün bizim ölkə Azərbaycan biznesi üçün də əlverişlidir. Yəni Azərbaycanın iş adamları Gürcüstanda istehsal sahələri yaratmaqla, Avropa və MDB ölkələrinə, eləcə də, Çinə rüsumsuz məhsul ixrac edə bilərlər”, - deyə G.Rogava bildirib.