DÜNYA


Gürcüstanın Kvemo Kartli bölgəsində sosial-iqtisadi islahatlar gələn ildə də davam etdiriləcək

Tbilisi, 31 dekabr, AZƏRTAC

Gürcüstanda, azərbaycanlıların daha çox yaşadıqları Kvemo Kartli – Borçalı bölgəsində həyata keçirilən islahatlar gələn ildə də davam etdiriləcək. Azərbaycanlılar təkcə bu bölgənin deyil, bütövlükdə Gürcüstanın inkişafında mühüm rol oynayırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Kvemo Kartli – Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında söyləyib.

Qubernator 2018-ci ildə Marneuli, Qardabani, Bolnisi, Tetriskaro rayonlarında, o cümlədən kəndlərdə prioritet sahələr üzrə reallaşdırılmış layihələr barədə ətraflı məlumat verib, onların gələn ildə də davam etdiriləcəyini xüsusi qeyd edib.

Bildirib ki, 2018-ci ildə bölgədə ümumi dəyəri 56,1 milyon lari olan 311 infrastruktur layihəsi həyata keçirilib. O cümlədən 130 kilometrdən çox yol bərpa olunub. Bu işlərə 29,7 milyon lari məbləğində vəsait ayrılıb.

Qubernator, həmçinin bölgənin təbii qazla, eləcə də içməli və suvarma suyu ilə təminatı sahəsində görülmüş işlərdən danışıb.

O, 2019-cu ildə həyata keçirilməsi planlaşdırılan layihələrə də toxunub.

Bildirib ki, gələn il bölgədə infrastrukturun yenidən qurulması və bərpası işlərinə ayrılmış vəsait builkindən təxminən 3 dəfə çox olacaq. Onun sözlərinə görə, yol infrastrukturunun təmiri və bərpası üçün 175 milyon laridən çox vəsait nəzərdə tutulub.

Ş.Rexviaşvili qeyd edib ki, gələn il Kvemo Kartlidə turizm sahəsi iqtisadi inkişaf planında əsas yerlərdən birini tutacaq. 2019-cu ildə 9 yerdə turizm obyektləri və digər istirahət obyektləri inşa olunacaq. Marneuli rayonunda isə turizm informasiya mərkəzinin tikintisi ilə bağlı işlər davam etdiriləcək.

Mərasimdə mərkəzi və yerli idarəetmə orqanlarının rəhbərləri, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Savalan Mirzəyev, QHT və media nümayəndələri ilə yanaşı, yerli sakinlər də iştirak ediblər.

Xətayi Əzizov

AZIRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.