QAN YADDAŞI


Gürcüstanın Laqodexi rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub VİDEO

Tbilisi, 21 fevral, AZƏRTAC

Xocalı faciəsi qurbanlarının xatirəsi Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ehtiramla anılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərin ruhuna dualar oxunub.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov tədbirdə çıxış edərək Xocalı soyqırımının baş vermə səbəblərindən və nəticələrindən danışıb.

Diplomat Gürcüstanın bir çox bölgəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbirlərin keçirildiyini bildirib. Diqqətə çatdırıb ki, böyük dövlətlərin təhriki hesabına qədim Azərbaycan torpaqlarında yaradılan Ermənistan hər zaman ölkəmizə və xalqımıza qarşı hiyləgər və düşmən mövqedə olub. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktı bu düşmənçiliyin davamı və ağır nəticəsidir.

Dursun Həsənov Laqodexi rayonunda faciə qurbanlarının xatirəsini anım tədbirinin keçirilməsini yüksək qiymətləndirib.

Tədbirdə digər çıxış edənlər erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasəti haqqında danışıb və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olduğunu vurğulayıblar.

Sonra üzərində “Xocalıya ədalət” yazılmış ağ köynək geyinmiş Qabal kənd məktəbinin şagirdləri Azərbaycana, Xocalı faciəsi qurbanlarına həsr olunmuş şeirlər söyləyiblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.