ELM VƏ TƏHSİL
Gürcüstanın Marneuli rayonunda azərbaycanlı məktəblilərlə görüş təşkil olunub
Tbilisi, 15 noyabr, AZƏRTAC
Gürcüstanda həyata keçirilən “Tolerantlıq, mülki maarifçilik və inteqrasiyaya dəstək proqramı” çərçivəsində azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Böyük Muğanlı kənd məktəbində görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, görüşdə Avropaya inteqrasiyada təhsilin əhəmiyyəti, ana dili ilə yanaşı, dövlət dilinin də öyrənilməsinin vacibliyi barədə ətraflı məlumat verilib. Şagirdlər, həmçinin ali və peşə təhsili ocaqlarında oxumaq üçün tələb olunan qaydalar və hazırlıq istiqamətləri barədə məlumatlandırılıb.
Görüş ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyi aparatı və BMT-nin Gürcüstandakı Assosiasiyası (UNAG) tərəfindən birgə təşkil olunub.
Bu cür görüşlərin digər bölgələrdə də keçiriləcəyi bildirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi