CƏMİYYƏT
Gürcüstanın Qabal kənd məscidinin dindarları Müzəffər Azərbaycan Ordusunun Qələbəsini qeyd ediblər
Tbilisi, 13 noyabr, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağdakı tarixi şanlı Qələbəsi Gürcüstanın Laqodexi rayonunun Qabal kənd məscidində də qeyd edilib.
AZƏRTAC xəbər verir ki, rayonun və kəndin din xadimləri, ağsaqqallar məsciddə cümə namazı zamanı şəhidlərin ruhuna dualar oxuyub, Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Kənd məscidinin imamı hacı Rövşən Sulikov, hacı Şaban Əmiraslanov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti sayəsində mümkün olub.
Bildirilib ki, bu Qələbə harada yaşamasından və sosial vəzifəsindən asılı olmayaraq, bütün azərbaycanlıların hədsiz sevincinə səbəb olub. Qaballı dindarlar da bu sevinci bölüşür, Azərbaycan Prezidentinə və Ordusuna daha böyük uğurlar və cansağlığı arzu edirlər.
Çıxış edənlər Azərbaycan-Türkiyə birliyinin dünyada ən möhkəm və sarsılmaz birlik olduğunu deyib, hər iki ölkənin xalqları üçün dualar oxuyublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi