CƏMİYYƏT
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda iki yeni uşaq bağçası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycandilli məktəbəqədər müəssisələr rayonun Kalinin inzibati ərazi vahidliyinin Birlik kəndində və Azərbaycanla sərhəd zonasında yerləşən Candar kəndlərində istifadəyə verilib.
Açılış mərasimində Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, parlamentin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər. Bildirilib ki, Birlik kəndində bu günə qədər uşaq bağçası keçmiş sovetlər dövründə olub. Əhalinin artan tələbatını nəzərə alaraq Qardabani Rayon İcra Hakimiyyəti hökumətin regionların inkişafına dair proqramı çərçivəsində kənddə yeni uşaq bağçasının tikintisi barədə qərar qəbul edib.
Tikintisi bu günlərdə başa çatdırılmış ikimərtəbəli yeni uşaq bağçası ümumilikdə 90 uşaq üçün nəzərdə tutulub. Hazırda isə müəssisədə 60 uşaq təlim-tərbiyə olunur. Onların təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olacaq.
Rayonun Candar kəndində istifadəyə verilən yeni bağçada isə iki qrupda 60 uşaq təlim-tərbiyə olunacaq. Binada bundan öncə rayon icra hakimiyyətinin yerli nümayəndəliyi yerləşib. Sonradan rayon icra hakimiyyətinin qərarı ilə bina yenidən qurulub və uşaq bağçası kimi yenidən istifadəyə verilib.
Səfir Dursun Həsənov, qubernator Şota Rexviaşvili, deputat Savalan Mirzəyev kən ictimaiyyətinin nümayəndələrini təbrik edib, onların qayğıları ilə maraqlanıb, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıq və tövsiyələr veriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi