QAN YADDAŞI
Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc olunub
Tbilisi, 10 fevral, AZƏRTAC
Gürcüstanın “Sakartvelos Respublika” qəzetində “Xocalı soyqırımı - XX əsrin faciəsi” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Gürcüstan-Qafqaz Strateji Araşdırmalar İnstitutunun prorektoru, Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyasının prezidenti, eyni zamanda, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun icraçı direktoru Simon Kopadzedir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xocalı faciəsi ilə əlaqədar çıxışından sitatla başlayan məqalədə deyilir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
Məqalədə, həmçinin Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı fikirlərindən sitat gətirilib. Bildirilir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək olub. Lakin bu ağır faciə Azərbaycan xalqını daha da mətinləşdirdi, qəhrəman oğul və qızlarını müqəddəs Vətən və milli dövlətçilik naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi.
Müəllif yazır ki, hər il bu müdhiş faciənin ildönümü Azərbaycanda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu, xüsusilə, Fondun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Müəllif Xocalı soyqırımının əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayandığını xüsusi qeyd edir.
Bildirir ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi