CƏMİYYƏT
Gürcüstanın Tsalka rayonunda yaşayan soydaşlarımıza hüquqi yardım göstərilib
Tbilisi, 21 iyun, AZƏRTAC
Gürcüstanda milli azlıqlara pulsuz hüquqi yardım üçün nəzərdə tutulmuş “Hüquqi Yardım Mərkəzi”nin vətəndaşlarla görüşü davam edir.
AZƏRTAC xəbər verir ki, “Qanun” təmənnasız hüquqi xidmət layihəsi çərçivəsində növbəti görüş Tsalka rayonunda olub.
Görüşdə 30-a yaxın vətəndaş iştirak edib.
Mərkəzin icraçı direktoru Əli Bədirov vətəndaşları dinləyib, onların hüquqla bağlı problemləri ilə tanış olub.
Vətəndaşlara lazımi hüquqi məsləhətlər verilib, işlərinin doğru istiqamətdə aparılması üçün mərkəzlə əməkdaşlıq etmələrinin vacibliyi vurğulanıb.
Əli Bədirov AZƏRTAC-a müsahibəsində deyib ki, Tsalka rayonun azərbaycanlıların yığcam yaşadıqları dörd kəndində ailə-məişət zorakılığı digər rayonlarla müqayisədə çox azdır.
Tsalka rayonunun sakinlərinin üzləşdikləri ən önəmli problemlərdən biri, torpaqların və digər daşınmaz əmlakın dövlət qeydiyyatından keçirə bilməmələridir. Onların çoxu ümumiyyətlə mülkiyyətini dövlət qeydiyyatdan keçirə bilmir.
Soydaşlarımızın ikinci ən önəmli problemi isə vərəsəlik hüququndan yararlanana bilməmələri ilə bağlıdır. Onlar bu məsələ ilə əlaqədar nə zaman və hara müraciət ediləcəklərini bilmirlər.
Ə.Bədirovun sözlərinə görə, bu və digər problemlərin çoxu soydaşlarımızın hüquqi məsləhətçilərinin olmamasından qaynaqlanır. Onlara Azərbaycan dilində bütün hüquqi məsələlərlə bağlı istiqamət verildikdən sonra bu problemlər öz həllini tapacaq.
İcraçı direktor hər həftə müxtəlif bölgələrdə bu cür görüşlər keçirir. Artıq paytaxt Tbilisi və Marneuli rayonlarında bu cür görüşlər keçirilib və müəyyən problemlər öz həllini tapıb.
Növbəti belə qəbul günlərinin Bolnisi və Dmanisi rayonlarında keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, Tsalka rayonunda azərbaycanlıların yığcam yaşadıqları 4 kənd Ar-Sarvan, Tecisi (Çuluxlu), Çoliani (Qızılhacılı) və Godaklari (Gödəkli) kəndləri var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi