CƏMİYYƏT
Gürcüstanın baş infeksionisti: “Azərbaycan, Türkiyə və digər ölkələr koronavirusa qarşı mübarizə sahəsində mühüm işlər görürlər”
Tbilisi, 5 mart, AZƏRTAC
“Azərbaycan, Türkiyə və digər ölkələr koronavirusa qarşı mübarizə sahəsində mühüm işlər görürlər. Gürcüstanda bu ölkələrə həsəd aparırıqsa, o zaman Çin vaksinindən imtina etməməliyik”.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze ölkədə koronavirusa qarşı peyvəndin gecikməsi ilə bağlı tənqidlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi Çin peyvəndini çoxdan tətbiq edə bilərdi. Lakin hökumət ekspertlərin tövsiyə və rəylərini nəzərə alaraq bunu etmədi. Bu gün isə yenə də biz Çin peyvəndinin alınmasının mümkünlüyünü nəzərdən keçiririk.
“Bizə qonşu ölkələr pandemiyaya qarşı mübarizə çərçivəsində bütün mümkün tədbirləri görürlər. Biz isə gözləmə mövqeyindəyik. Yaxşı olar ki, bizdə konkret qərar verək”, – deyə, T.Tsertvadze vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusa qarşı vaksinasiya ilə bağlı qalmaqal daha da artır. Ölkəyə peyvəndin bu günə qədər çatdırılmamasına görə səhiyyə ekspertləri, siyasi partiyalar və ictimai fəallar Gürcüstan hökumətini tənqid edirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi